Azərbaycan-Misir mədəniyyət əlaqələrinin
perspektivləri müzakirə edilmişdir
Mayın 31-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Misirin mədəniyyət nazirinin birinci müavini xanım Kameliya Subhi ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Ə.Qarayev misirli qonağa Azərbaycanın mədəni həyatında baş verən yeniliklər, onun turizm potensialı, son illər ölkəmizin ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlər haqqında məlumat vermişdir.
Xalqlarımızın dərin mədəni köklərlə bir-birinə bağlılığından söz açan Ə.Qarayev Azərbaycan-Misir mədəniyyət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulamış, Misir xalqına xoş arzularını çatdırmışdır.
İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan xanım Kameliya Subhi Bakıda yüksək səviyyədə təşkil edilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirmişdir. Mədəni proqram çərçivəsində Bakının bir çox görməli yerləri ilə tanış olduğunu diqqətə çatdıran xanım Kameliya Subhi bu qədim şəhərin gözəlliyinə heyran qaldığını söyləmişdir.
Qarşılıqlı
anlaşma və dostluq şəraitində keçən
görüşdə Azərbaycan-Misir mədəniyyət əlaqələrinin perspektivləri və bir sıra digər
məsələlər müzakirə edilmişdir.
Azərbaycan.-2013.- 1 iyun.- S.9.